Şirkətimiz 2022-ci ili uğurlu göstəricilərlə başa vurur.
Həyata keçirilən optimallaşdırma tədbirləri nəticəsində “Azmade Group” MMC şirkətlər qrupuna daxil olan “Azertexnolayn” MMC 2022-ci ildə göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa nail olmuşdur.
Cari il ərzində şirkətin ümumi dövriyyəsi 2,4 dəfə artaraq 107 milyon manata çatıb. Hesabat dövründə “Azertexnolayn” MMC-nin gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, yeni satış kanallarının işlənməsi və ixrac bazar payının artırılması hesabına mümkün olmuşdur.
“Azertexnolayn” MMC-də fəaliyyət göstərən zavodların inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər üç zavod fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb. 2022-ci ildə “Polad Boru Zavodu”, “Polietilen Məmulatlar Zavodu” və “Çuqun Töküm Zavodu” istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 85%, 25% və 36% yüksəldilib. Bununla yanaşı, ixrac gəlirlərində də 31% artım olub. Müəssisələrin istehsal əməliyyatlarında tətbiq edilən rəqəmsal texnologiyalar əməliyyat effektivliyinin və gəlir marjalarının yüksəlməsinə əhəmiyyətli təsir göstərib.
Bundan başqa istehsal gücünün artırılmasına, yeni çeşid məhsulların istehsalına da başlanılıb. Beləki, “Polietilen Məmulatlar Zavodu” nda yüksək bazar tələbatı olan DN 100 və DN 250 mm ölçülərində qofralı boruların istehsalına start verilmişdir. Eləcədə, Texniki Avadanlıqlar Zavodunda yeni qurulmuş qumlama xətti hesabına istehsal gücünün artırılması nəzərdə tutulur.
Şirkətdə “Made in Azerbaijan” brendi adı altında 62 çeşiddən artıq sənaye məhsulları istehsal edilir ki, bu məhsullar da ölkə tələbatını ödəməklə yanaşı dünyanın 19 ölkəsinə ixrac edilir.